Psixoloqa getmək üçün problemin “çox böyük” olmasını gözləmək lazımdır?
“Əslində mənim problemim o qədər də böyük deyil.”“Başqalarının daha ciddi problemləri var.”“Mən özüm həll etməyə çalışım.”“Psixoloqa getmək üçün insanın vəziyyəti çox pis olmalıdır.”Psixoloqa müraciət etmək haqqında danışarkən bu cümlələrə tez-tez rast gəlirik. Bir çox insan psixoloji dəstəyi yalnız ağır depressiya, güclü təşviş, travma və ya həyatın tamamilə idarəolunmaz hala gəldiyi vəziyyətlərlə əlaqələndirir.Lakin psixoterapiyanın məqsədi yalnız artıq yaranmış ciddi psixoloji problemləri “aradan qaldırmaq” deyil. İnsan bəzən sadəcə özünü daha yaxşı anlamaq, təkrarlanan davranışlarını dəyişmək, münasibətlərində çətinlikləri araşdırmaq və ya həyatındakı keçid dövrünü daha sağlam şəkildə keçirmək üçün də psixoloqa müraciət edə bilər.
“Problemim kifayət qədər böyük deyil” düşüncəsi haradan gəlir?
Psixoloji dəstək almağın qarşısındakı əsas maneələrdən biri problemin ciddiliyini daim başqalarının problemləri ilə müqayisə etməkdir.
İnsan belə düşünə bilər:“Depressiyada deyiləm, deməli psixoloqa ehtiyacım yoxdur.”“Yeməyimə, işimə gedirəm, həyatımı davam etdirirəm. Deməli, problem yoxdur.”“Sadəcə münasibətimdə çətinlik var.”“Sadəcə çox düşünürəm.”“Sadəcə son vaxtlar özümü yaxşı hiss etmirəm.”Amma psixoloji dəstəyə ehtiyacı müəyyənləşdirən yeganə meyar problemin “nə qədər böyük” görünməsi deyil.
Daha vacib sual budur:
“Bu vəziyyət mənim həyatımı, münasibətlərimi, gündəlik fəaliyyətimi və ya emosional vəziyyətimi nə dərəcədə təsir edir?”
Bəzən insanın yaşadığı problem kənardan kiçik görünə bilər, amma həmin problem onun düşüncələrini, yuxusunu, münasibətlərini və gündəlik həyatını uzun müddət təsir altında saxlaya bilər.Digər tərəfdən, hər çətinlik psixoterapiya tələb etmir. İnsanların müəyyən stress, kədər, narahatlıq və həyat dəyişiklikləri yaşaması normaldır. Əsas məsələ həmin vəziyyətin davamlılığı, intensivliyi və insanın həyatına təsiridir.
Psixoloqa müraciət etmək üçün diaqnoz lazımdırmı?
Xeyr.Psixoloqa müraciət etmək üçün əvvəlcədən özünüzə hər hansı diaqnoz qoymağınız lazım deyil.Əksinə, psixoloqun işinin bir hissəsi insanın yaşadığı çətinliyi anlamaq, onun mənbələrini araşdırmaq və hansı dəstəyin uyğun olduğunu müəyyənləşdirməkdir.Psixoterapiyanın məqsədləri arasında narahatedici emosiyaların, düşüncələrin və davranışların üzərində işləmək, gündəlik funksionallığı yaxşılaşdırmaq və həyat keyfiyyətini artırmaq da yer alır. Bu səbəbdən “Mənim diaqnozum yoxdur, deməli psixoloqa getməməliyəm” yanaşması doğru deyil.
Bəzən insan terapiyaya konkret bir diaqnozla deyil, sadəcə:
özünü anlamadığı üçün,
təkrarlanan münasibət problemlərinə görə,
daim narahat olduğu üçün,
qərar verməkdə çətinlik çəkdiyi üçün,
sərhəd qoymağı bacarmadığı üçün,
özünə qarşı həddindən artıq tənqidi olduğu üçün,
həyatında böyük dəyişiklik yaşadığı üçün,
emosiyalarını idarə etməkdə çətinlik çəkdiyi üçün
müraciət edə bilər.
“Mən bunu özüm həll edə bilərəm” — bəs nə vaxta qədər?
İnsanın öz problemlərinin öhdəsindən gəlməyə çalışması təbii və faydalı ola bilər. Dostlarla danışmaq, gündəlik rejimi düzəltmək, fiziki aktivlik, yuxu və sosial dəstək bir çox insan üçün əhəmiyyətlidir.Lakin “özüm həll edəcəyəm” düşüncəsi bəzən yardım almağı aylarla, hətta illərlə təxirə salmağa səbəb ola bilər.Burada vacib fərq var:Müstəqil olmaq başqa şeydir, bütün çətinlikləri tək həll etməli olduğunu düşünmək başqa.Psixoloq insanın yerinə qərar vermir. Terapiyanın əsas məqsədlərindən biri insanın öz düşüncələrini, emosiyalarını və davranışlarını daha yaxşı anlamasına və öz seçimlərini daha şüurlu etməsinə kömək etməkdir.
Hansı əlamətlər psixoloji dəstəyə ehtiyac olduğunu göstərə bilər?
Bu vəziyyətlər uzun müddət davam edirsə və gündəlik həyata təsir göstərirsə, peşəkar dəstək haqqında düşünmək faydalı ola bilər:
1. Eyni düşüncələri təkrar-təkrar düşünmək
Bir hadisəni saatlarla analiz etmək, “Niyə belə dedi?”, “Görəsən nə düşünür?”, “Bəs belə olsa?” kimi sualların dayanmadığını hiss etmək insanı emosional olaraq yorur.
2. Münasibətlərdə eyni problemlərin təkrarlanması
Fərqli insanlarla oxşar konfliktlərin yaşanması, yaxınlıqdan qorxmaq, həddindən artıq qısqanclıq, tərk edilmə qorxusu və ya münasibətlərdə sərhəd qoya bilməmək üzərində işlənə biləcək mövzular ola bilər.
3. Özünüzə qarşı həddindən artıq sərt olmaq
Daim “kifayət qədər yaxşı deyiləm”, “daha yaxşı etməli idim”, “hamı məndən daha bacarıqlıdır” kimi düşüncələr özünə münasibətə təsir göstərə bilər.
4. Gündəlik funksionallığın dəyişməsi
Yuxu, iştaha, diqqət, iş və ya təhsil fəaliyyəti, sosial münasibətlər və gündəlik tapşırıqları yerinə yetirməkdə nəzərəçarpacaq dəyişikliklər önəmli siqnallar ola bilər.
NIMH xüsusilə güclü və narahatedici simptomlar iki həftə və ya daha çox davam etdikdə, məsələn, yuxu və iştah dəyişiklikləri, diqqət çətinliyi, əvvəl zövq alınan fəaliyyətlərə marağın azalması və gündəlik işləri yerinə yetirməkdə çətinlik olduqda peşəkar yardım almağı tövsiyə edir. (NIMH)
Bəs nə vaxt gözləməmək lazımdır?
Bəzi vəziyyətlərdə “bir az da gözləyim, keçər” yanaşması uyğun olmaya bilər.Əgər psixoloji simptomlar güclüdürsə, davamlıdırsa, gündəlik fəaliyyətə ciddi təsir edirsə və ya vəziyyət getdikcə pisləşirsə, peşəkar qiymətləndirmə gecikdirilməməlidir.Məsələn, ciddi depressiv simptomlar, güclü təşviş, travmadan sonra davam edən əlamətlər və ya insanın öz təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar olduqda daha təcili peşəkar yardım tələb oluna bilər.
Psixoloqa müraciət etmək zəiflikdirmi?
Xeyr.Psixoloji yardım almaq insanın “öhdəsindən gələ bilmədiyini” göstərən avtomatik bir işarə deyil.Əksinə, öz vəziyyətini müşahidə etmək və ehtiyac olduqda dəstək axtarmaq özünə qayğının bir formasıdır.Psixoterapiya da sadəcə “kiminsə sizi dinləməsi” ilə məhdudlaşmır. Elmi əsaslı psixoterapiya müəyyən yanaşmalardan, terapevtik bacarıqlardan və mütəxəssis–müraciət edən şəxs arasında əməkdaşlıqdan istifadə edir. Əgər bir məsələ sizi davamlı olaraq düşündürürsə, həyatınıza təsir edirsə, münasibətlərinizdə təkrarlanırsa və ya uzun müddətdir dəyişməsini istədiyiniz halda dəyişə bilmirsinizsə, psixoloqla danışmaq üçün mütləq “daha pis vəziyyətə düşməyi” gözləmək lazım deyil.Eyni zamanda, hər emosional çətinliyi xəstəlik kimi qiymətləndirmək də doğru deyil. İnsan həyatının müəyyən dövrlərində stress, kədər, qorxu və qeyri-müəyyənlik yaşaya bilər. Psixoloji dəstəyin məqsədi normal insan təcrübələrini “problem” adlandırmaq deyil.Əsas məsələ insanın öz təcrübəsini anlamağı və ehtiyac duyduğu zaman uyğun dəstəyi seçə bilməsidir.
Bəzən terapiyaya müraciətin səbəbi sadəcə belə bir cümlə ola bilər:
“Özümü və yaşadıqlarımı daha yaxşı anlamaq istəyirəm.”
Və bu, əsaslı başlanğıc üçün kifayətdir...
İstinadlar
National Institute of Mental Health (NIMH). Psychotherapies.
National Institute of Mental Health (NIMH). My Mental Health: Do I Need Help?
American Psychological Association (APA). Get the Facts About Psychotherapy.
American Psychological Association (APA). Understanding Psychotherapy and How It Works.
American Psychological Association (APA). Recognition of Psychotherapy Effectiveness.
National Institute for Health and Care Excellence (NICE). Depression in adults: treatment and management (NG222).
