İnsan öz bədəni ilə münasibəti necə öyrənir?
Cinsəllik haqqında düşündükdə ağlımıza çox vaxt yeniyetməlik dövrü gəlir. Bədəndə hormonal dəyişikliklərin başlaması, romantik və cinsi marağın yaranması sanki cinsəlliyin də məhz həmin dövrdə başladığı təəssüratını yaradır. Halbuki insan öz bədəni ilə münasibət qurmağa bundan xeyli əvvəl başlayır.
Uşaqlıqda cinsi inkişaf böyüklərin cinsəlliyinin daha sadə və ya kiçildilmiş forması deyil. Bu dövrdə söhbət uşağın öz bədənini və bədən hisslərini tanımasından, insanlar arasındakı anatomik fərqləri fərq etməsindən, məxfilik və sərhəd anlayışlarını tədricən mənimsəməsindən, yaxınlıq və münasibətlər haqqında ilkin təsəvvürlərinin formalaşmasından gedir. Başqa sözlə, cinsi inkişaf yalnız cinsi davranışla bağlı deyil; insanın öz bədəninə hansı məna verdiyinin formalaşmasının da bir hissəsidir.
Əvvəlcə bədən sadəcə kəşf edilən bədəndir
Kiçik uşaq üçün bədən ilk növbədə hiss etdiyi və kəşf etdiyi bir şeydir. Uşaq əllərini, ayaqlarını və üzünü tanıdığı kimi bədəninin digər hissələrini də kəşf edir. Toxunmanın yaratdığı hissləri fərq edir, başqa insanların bədənlərinin onun bədənindən fərqli olduğunu görür və bu fərqlər haqqında suallar verməyə başlayır.
“Niyə onun bədəni mənimkindən fərqlidir?”, “Körpə ananın qarnına necə düşür?”, “Mən haradan gəlmişəm?” kimi suallar böyüklər üçün cinsəlliklə əlaqəli görünsə də, uşaq üçün çox vaxt ətrafındakı dünyanı anlamağa yönəlmiş digər suallarla eyni maraqdan doğur.
Burada uşağın davranışına böyüklərin mənasını yükləməmək vacibdir. Çünki böyüklərin seksual hesab etdiyi bir davranış uşağın təcrübəsində eyni psixoloji məna daşımaya bilər. Uşağın öz bədəninə toxunması, bədən fərqlərini müşahidə etməsi və ya bədən haqqında təkrar-təkrar sual verməsi hər zaman yetkin seksual maraqla əlaqəli deyil. Erkən inkişaf dövründə bunun mühüm hissəsi maraq, hiss və kəşfdir.
Zaman keçdikcə isə uşağın bədəni ilə münasibətinə yeni anlayışlar əlavə olunur. O, yalnız bədəninin necə göründüyünü deyil, bədəninin ona aid olduğunu da öyrənməyə başlayır. Məxfilik, şəxsi məkan və sərhəd kimi anlayışlar məhz bu inkişafın içərisində formalaşır.
Əvvəllər çılpaq olmaq uşağa xüsusi bir məna ifadə etməyə bilərkən, sonralar hansı davranışların şəxsi olduğunu və bədənlə bağlı müəyyən sosial qaydaların mövcudluğunu anlamağa başlayır.
Beləcə, bədən əvvəlcə sadəcə hiss edilən bir şey olduğu halda, tədricən “mənə aid olan bədən” mənasını qazanır.
Uşaq öz bədəninə təkbaşına məna vermir
Ancaq bu münasibət yalnız uşağın daxilində formalaşmır. Uşağın bədəni haqqında nə düşünəcəyi və onunla necə münasibət quracağı ətrafındakı insanların reaksiyalarından da təsirlənir.
Uşaq bədəni haqqında sual verərkən yalnız aldığı cavabı eşitmir. Cavab verən böyüyün üz ifadəsini, narahatlığını, rahatlığını, mövzunu dəyişdirməsini və ya susmasını da görür. Beləcə, zamanla hansı sualların verilə biləcəyini, hansı mövzular haqqında danışmağın mümkün olduğunu və hansı mövzuların utanc hissi ilə qarşılandığını da öyrənir.
Bu mənada uşağın cinsi inkişafı yalnız ona verilən məlumatlarla formalaşmır. Susqunluq da mesaj daşıyır. Utanc da. Məxfilik qaydaları da. Böyüklərin öz bədənləri haqqında danışma tərzi də.
Ailədə bədən haqqında təkrarlanan reaksiyalar uşağın öz bədəninə münasibətinin formalaşdığı sosial mühitin bir hissəsinə çevrilir. Bədən və cinsəllik davamlı şəkildə qorxu, günah və ya utanc dili ilə qarşılandıqda, uşaq zamanla bu mövzuların danışılmamalı olduğu qənaətinə gələ bilər. Eyni şəkildə, uşağın şəxsi məkanına hörmət göstərilməsi və bədəni haqqında suallarına yaşına uyğun, sakit cavabların verilməsi bədəninin hörmətə layiq və haqqında danışılması mümkün bir şey olduğu mesajını verə bilər.
Bu proses bir cümlə və ya bir hadisə ilə müəyyənləşmir. Uşağın bədəni ilə münasibəti ailənin ümumi ünsiyyət tərzi, mədəni normalar, təkrarlanan münasibət təcrübələri və zamanla aldığı mesajların bütünü içərisində formalaşır.
Sərhəd qoymaqla utandırmaq eyni şey
Uşağın bədəninə marağını normal inkişafın bir hissəsi kimi görmək sərhədlərin olmadığı mənasına gəlmir. Əksinə, cinsi inkişafın mühüm hissələrindən biri məhz uşağın məxfilik və sərhəd anlayışlarını öyrənməsidir.
Burada fərq uşağa nəyi öyrətdiyimiz qədər, onu necə öyrətdiyimizdədir.
Məsələn, uşağın ictimai məkanda şəxsi bir davranış göstərdiyi vəziyyətdə “Ayıbdır, belə şey etmək olmaz” deməklə “Bu, şəxsi bir davranışdır, bunu özəl bir məkanda edə bilərsən” demək zahirən eyni sərhədi qoyur. Lakin verilən psixoloji mesaj fərqlidir. Birində davranış utanc üzərindən dayandırılır, digərində isə uşağa məxfilik anlayışı öyrədilir.
Eyni fərq uşağın bədəni haqqında verdiyi suallarda da görünür. Məqsəd uşağa yaşından artıq məlumat vermək deyil. Məqsəd onun verdiyi suala yaşına və anlama səviyyəsinə uyğun, doğru və sadə cavab verməkdir. Beləliklə, uşaq həm marağının təhlükəli olmadığını, həm də bədən və yaxınlıqla bağlı sərhədlərin mövcud olduğunu öyrənə bilir.
Cinsəllik haqqında ilk dərslər həmişə “dərs” şəklində verilmir
Valideynlər cinsi maarifləndirməni çox vaxt gələcəkdə baş tutacaq xüsusi bir söhbət kimi təsəvvür edirlər. Uşaq müəyyən yaşa çatacaq və onunla cinsəllik haqqında danışılacaq.
Əslində isə cinsi sosiallaşma bundan çox əvvəl başlayır.
Uşağın bədən hissələrinin adlarını necə öyrəndiyi, qapını döymədən otağına daxil olub-olmadığımız, onun qucaqlaşmaq istəmədiyi zaman buna necə reaksiya verdiyimiz, bədən haqqında suallarını cavablandırıb-cavablandırmadığımız, çılpaqlıq və məxfilik haqqında hansı qaydaları yaratdığımız — bütün bunlar uşağın bədən, yaxınlıq və sərhədlər haqqında öyrəndiklərinin bir hissəsidir.
Yəni uşaqlar cinsəllik haqqında yalnız onlara dediklərimizdən öyrənmirlər. Bizim reaksiyalarımızdan, qoyduğumuz sərhədlərdən və danışmaqdan çəkindiyimiz mövzulardan da öyrənirlər.
İnkişaf davam etdikcə bu ilkin mənalar da dəyişir. Pubertə ilə birlikdə bədən artıq yalnız uşağın özünün hiss etdiyi bədən deyil; başqalarının baxışında necə göründüyü də daha böyük əhəmiyyət qazanmağa başlayır. Romantik maraq, cazibə, bədən obrazı və yaxınlıq haqqında
düşüncələr mürəkkəbləşir. Uşaqlıqda qurulmağa başlayan bədən və sərhəd anlayışları beləcə yeni inkişaf mərhələsinin içərisinə daşınır.
Bu səbəbdən uşaqlıq cinsəlliyinə baxarkən yalnız “Bu davranış normaldırmı?” sualını vermək kifayət etmir. Daha geniş bir sual vermək mümkündür:
İnsan öz bədəni haqqında nə hiss etməli olduğunu haradan öyrənir?
Bu öyrənmənin bir hissəsi uşağın öz təcrübəsindən gəlir. Digər hissəsi isə ona baxan, suallarını cavablandıran, sərhəd qoyan və bədəni haqqında danışan böyüklərlə münasibətində formalaşır.
Uşağın bədəni haqqında verdiyi ilk suallara necə cavab verdiyimiz buna görə yalnız həmin sualı cavablandırmır. Eyni zamanda ona bədəninin haqqında danışılması mümkün, hörmətə layiq və özünə aid bir şey olub-olmadığı haqqında da nəsə öyrədirik.
Ədəbiyyat
World Health Organization. (2026). Comprehensive sexuality education. World Health Organization.
UNESCO, UNAIDS, UNFPA, UNICEF, UN Women, & World Health Organization. (2018). International technical guidance on sexuality education: An evidence-informed approach (Revised ed.). UNESCO.
Flores, D., & Barroso, J. (2017). 21st century parent–child sex communication in the United States: A process review. The Journal of Sex Research, 54(4–5), 532–548.
Widyastari, D. A., Isarabhakdi, P., Suwankhong, D., & Shaluhiyah, Z. (2022). How parents' ideals are offset by uncertainty and fears: A systematic review of the experiences of European parents regarding the sexual education of their children. The Journal of Sex Research.
Ganji, J., Emamian, M. H., Maasoumi, R., Keramat, A., & Khoei, E. M. (2017). The existing approaches to sexuality education targeting children: A review article. Iranian Journal of Public Health, 46(7), 890–898.
World Health Organization. (2023). Comprehensive sexuality education: Questions and answers.
