Beynəlxalq akademik təhsilə və 5 ildən artıq peşəkar təcrübəyə malik psixoloq və psixoterapevt Gülsabah Quliyeva psixologiya üzrə bakalavr təhsilini Bakı Dövlət Universitetində, Tətbiqi Psixologiya üzrə magistr təhsilini isə Polşanın nüfuzlu SWPS Sosial və Humanitar Elmlər Universitetində tamamlamışdır.
Psixoterapiya sahəsində peşəkar inkişafına və davamlı öyrənməyə xüsusi önəm verən Gülsabah Quliyeva Koqnitiv-Davranış Terapiyası (CBT), Koqnitiv Emal Terapiyası (CPT), Sxema Terapiyası və EMDR kimi elmi sübutlara əsaslanan psixoterapiya yanaşmaları üzrə beynəlxalq təlim proqramlarını tamamlamışdır. Peşəkar hazırlığında yalnız nəzəri biliklərə deyil, klinik bacarıqların inkişafına və beynəlxalq mütəxəssislərin rəhbərliyi altında keçirilən superviziya prosesinə də xüsusi diqqət yetirmişdir.
Sxema Terapiyası üzrə beynəlxalq akkreditasiyalı təlim proqramını Dr. Alp Karaosmanoğlunun rəhbərliyi altında uğurla tamamlamış və müvafiq klinik superviziya saatlarını yekunlaşdırmışdır.
EMDR terapiyası üzrə Avropa EMDR Assosiasiyası tərəfindən akkreditasiya olunmuş EMDR Level 1 təlim proqramını uğurla başa vurmuş və müvafiq klinik superviziya saatlarını tamamlamışdır. Bu istiqamətdə əldə etdiyi bilik və bacarıqlar travmatik təcrübələrin psixoloji təsirləri ilə elmi əsaslı yanaşmalar çərçivəsində işləməsinə imkan yaradır.
Koqnitiv Emal Terapiyası (Cognitive Processing Therapy – CPT) üzrə Cənubi Karolina Tibb Universitetinin (Medical University of South Carolina, ABŞ) beynəlxalq təlim proqramını və tələb olunan klinik superviziya saatlarını uğurla tamamlamışdır. CPT üzrə beynəlxalq akkreditasiya əldə etmiş azsaylı azərbaycanlı mütəxəssislərdən biri olaraq rəsmi CPT Provider Roster siyahısına daxil edilmişdir(https://cptforptsd.com/cpt-provider-roster/ ).
2021-ci ildən etibarən Psixi Sağlamlıq Mərkəzinin Reabilitasiya şöbəsində psixoloq kimi çalışaraq, müxtəlif psixoloji çətinliklərlə müraciət edən yetkin şəxslərlə işləyir. Peşəkar fəaliyyəti çərçivəsində depressiv və təşviş pozuntuları, psixoloji travma və posttravmatik stress, qidalanma davranışı ilə bağlı çətinliklər, obsesiv-kompulsiv simptomlar və emosional tənzimləmə problemləri üzrə klinik təcrübə qazanmışdır.
Klinik fəaliyyəti ilə yanaşı, akademik və elmi-tədqiqat sahəsində də peşəkar təcrübəyə malik olan Gülsabah Quliyeva 2022–2024-cü illərdə Bakı Dövlət Universitetinin Ümumi Psixologiya kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
Eyni zamanda, For Azerbaijan beynəlxalq xeyriyyə təşkilatı tərəfindən, PAŞA Sığortanın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsində tədqiqatçı kimi iştirak etmişdir. Layihə psixoloji travmanın elmi əsaslı müalicə metodlarının Azərbaycanda tətbiqinin genişləndirilməsinə və psixoloji reabilitasiya imkanlarının inkişafına yönəlmişdir.
Akademik biliklərini, elmi-tədqiqat təcrübəsini və klinik praktikasını birləşdirən Gülsabah Quliyeva psixoterapiya prosesində hər bir insanın fərdi həyat hekayəsinə, emosional ehtiyaclarına və dəyişmə tempinə həssaslıqla yanaşır.
Elmi sübutlara əsaslanan psixoterapiya metodlarını empatiya, peşəkar etika və fərdi yanaşma ilə birləşdirərək müraciətçilərin özlərini daha dərindən anlamalarına və həyatlarında mənalı dəyişikliklərə doğru irəliləmələrinə dəstək olur.
İşlədiyi sahələr
Depressiv pozuntular və əhval-ruhiyyə ilə bağlı çətinliklər
Təşviş pozuntuları, panik ataklar və sosial təşviş
Psixoloji travma və posttravmatik stress pozuntusu (PTSP)
Uşaqlıq dövrü travmaları və travmatik təcrübələrin uzunmüddətli psixoloji təsirləri
Obsesiv-kompulsiv pozuntu (OKP) və təkrarlanan narahatedici düşüncələr
Qidalanma davranışı pozuntuları və bədən qavrayışı ilə bağlı çətinliklər
Emosional tənzimləmə, özünə dəyər və özünütənqid problemləri
Şəxsiyyətlərarası münasibətlər, bağlanma və şəxsi sərhədlərlə bağlı çətinliklər
Terapiya metodları
Koqnitiv Davranış Terapiyası (CBT)
Koqnitiv Emal Terapiyası (CPT)
Sxema Terapiyası (Schema Therapy)
EMDR (Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal)
İşlədiyi yaş qrupu
Yetkin şəxslər
Terapiyaya yanaşma
“Psixi sağlamlığı yalnız psixoloji simptomların olmaması kimi deyil, insanın özünü yaxşı hiss etdiyi, gündəlik həyatında funksional və məhsuldar ola bildiyi, qarşılaşdığı çətinliklərlə daha sağlam şəkildə mübarizə apara bildiyi bir rifah halı kimi görürəm.
Bu səbəbdən terapiyada məqsədim yalnız mövcud simptomları azaltmaqla məhdudlaşmır. Mənim üçün terapiya insanın özünü daha yaxşı anlaması, emosiyalarını və ehtiyaclarını tanıması, onu çətinliyə salan düşüncə və davranış nümunələrini fərq etməsi və həyatında daha sağlam yollar formalaşdırması üçün əməkdaşlıq prosesidir.
Terapiya prosesində təhlükəsiz və mühakiməsiz münasibətin qurulmasını əsas hesab edirəm. Hər bir insanın yaşadığı təcrübənin özünəməxsus olduğunu nəzərə alaraq, elmi əsaslı psixoterapiya yanaşmalarından istifadə etməklə terapiya prosesini şəxsin ehtiyaclarına və müraciət səbəbinə uyğun şəkildə qururam.”
